İQTİSADİYYAT
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.
Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq forum Bakı Biznes Mərkəzində keçiriləcək.
Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunacaq.
Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.