REGİONLAR
Bakıda Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında protokol müzakirə edilmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də kənd təsərrüfatı naziri İsmət Abasov Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ilin sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol” müzakirə edilmişdir.
İsmət Abasov bildirmişdir ki, bu müəssisənin yaradılmasının əsas məqsədi Azərbaycanda və Türkiyədə yetişdirilən taxıl, tərəvəz və yem bitkiləri sortlarının sınaq əkinlərini aparmaq, bölgənin toxum ehtiyacını ödəmək, toxumçuluğu qarşılıqlı inkişaf etdirmək və təcrübə mübadiləsini artırmaqdır.
Nazir bu müəssisəni daha da inkişaf etdirməklə nümunəvi müəssisəyə çevirmək niyyətində olduğunu nəzərə çatdırmışdır.
Diqqətə çatdırılmışdır ki, müəssisəyə 720 hektar torpaq sahəsi təhkim olunmuşdur. Bunun da 700 hektarı əkinə yararlıdır. Eyni zamanda, protokolda nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş, xüsusilə toxumçuluq sahəsində xeyli irəliləyişlərə nail olunmuşdur. Respublikamızda və Türkiyədə yaradılmış bir sıra taxıl sortlarının qarşılıqlı sınaqları keçirilmiş, hər il müəssisə tərəfindən 550-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq fermerlərə satılmışdır.
Vurğulanmışdır ki, Türkiyədə yaradılmış “Gönən” və “Dağdaş” yumşaq buğda sortları respublikamızın torpaq iqlim şəraitində özlərini daha yaxşı göstərdiklərindən, bu sortların toxumlarına fermerlərin marağı getdikcə artmaqdadır. TİKA tərəfindən müxtəlif vaxtlarda müəssisəyə kənd təsərrüfatı texnikaları, kompyuter, toxum və mineral gübrələr verilmişdir.
Serdar Çam öz növbəsində protokolun icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinin və iki ölkə arasında mütəxəssis mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdırmışdır.