ELM VƏ TƏHSİL
Bakıda “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda konfrans
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr olunan konfransda Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə rəhbərlik etdiyi elm müəssisəsinin yaranma tarixindən, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, institut nadir və geniş elmi kadr potensialına malik çoxşaxəli elmi-tədqiqat qurumudur. Onun əsas tədqiqat istiqaməti Azərbaycan memarlığı və incəsənətinin tarixinin, nəzəriyyəsinin bütün sahələrini araşdırmaqdır.
Ə.Salamzadə qeyd edib ki, 1945-ci ildə institut yaradılanda onun ilk direktoru Azərbaycanın böyük bəstəkarı, ictimai xadim Üzeyir Hacıbəyli olub. Bu gün Memarlıq və İncəsənət İnstitutu inkişafının yeni mərhələsinə qədəm qoyur. Vaxtilə Üzeyir bəyin başçılığı ilə fəaliyyətə başlayan bu elm məbədi AMEA-nın 70 illiyi ərəfəsində həm də özünün yubileyini qeyd etməyə hazırlaşır.
Professorlar Fərəh Əliyeva, Ramiz Əbdülrəhimov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə institutun əməkdaşlarını təbrik edib, onlara yeni uğurlar arzulayıblar.
Sonra konfrans işini bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında “Azərbaycan incəsənətinin öyrənilməsi: tarix və müasirlik”, “Vatikan arxivlərində ilk dəfə təsvir etdiyimiz türkdilli əlyazmalar”, “Özbəkistan ənənəvi incəsənətində Tenqrinin işarə və rəmzləri”, “Qədim dövr və erkən köçərilər dövrü Qazaxıstan incəsənət tarixinin yaradılmasının nəzəri aspektləri”, “İnformasiya cəmiyyətində sənətşünaslığın aktual problemləri”, “Azərbaycan bəstəkarlarının operalarının miks janr mənşəyi haqqında” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.