İQTİSADİYYAT
Bakıda “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 30-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulamışdır. Qeyd edilmişdir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır. Diqqətə çatdırılmışdır ki, mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar reallaşdırılan işlərin əlaqələndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür.
Sevinc Həsənova yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini qeyd etmişdir.
Nazirliyin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev mənzil-kommunal sahəsində yeni münasibətlər mövzusunda təqdimatlarla çıxış etmişlər.
Tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlərə dair müxtəlif məruzələr dinlənilmişdir.
Sonda iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı broşürlər paylanmışdır.