MƏDƏNİYYƏT
Bakıda Azərbaycanın əməkdar rəssamı Fikrət Əhədovun xatirəsinə həsr olunmuş kino gecəsi keçirilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Muzey Mərkəzinin akt zalında Azərbaycanın Əməkdar Rəssamı Fikrət Əhədovun 75 illik yubileyinə həsr olunmuş kino gecəsi keçirilmişdir.
Muzey Mərkəzinin foyesində rəssamın fotoşəkillərindən və eskizlərindən ibarət stend quraşdırılmışdır.
Azərbaycan Dövlətfilmfondun direktoru, Əməkdar Mədəniyyət Xadimi Cəmil Quliyev gecəni açaraq demişdir ki, yubiley Dövlətfilmfondla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birlikdə təşkil olunmuşdur. Natiq qeyd etmişdir ki, Azərbaycan kinematoqrafının təşəkkül tapmasına kino rəssamları da böyük töhfə vermişlər. Tam əsasla demək olar ki, bizdə fundamental kino rəssamları məktəbi olmuşdur. Onların çoxu ÜDKİ-ni bitirmişdir. Bu rəssamlar arasında Fikrət Əhədov xüsusi yer tutur.
Gecənin iştirakçılarına Fikrət Əhədov haqqında videofilm göstərilmişdir.
O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur. ÜDKİ-də məşhur kino rəssamı – “Kommunist”, “Hərb və sülh”, “Qusar balladası” və digər filmlərin bədii tərtibatçısı olmuş Gennadi Myasnikovun emalatxanasında çalışmışdır.
Gecəni Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə aparmışdır. O, şəxsən yaxşı tanıdığı və uzun illər “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləmiş F.Əhədovun yaradıcılığından danışmış, onun hər bir filmindən ətraflı söhbət açmışdır.
Fikrət Əhədovun filmoqrafiyasında ən müxtəlif kino janrları təmsil olunmuşdur ki, bu da onun bir sənətkar kimi universallığını əks etdirir. Burada həm film-konsert, həm döyüş filmləri, komediya, multfilmlər vardır. Rəssamın akvarel və rəngkarlıq əsərləri də maraqlıdır.
Gecə çox səmimi şəraitdə keçmişdir. Dostların və həmkarların xatirələri artıq kinomuzun tarixinə çevrilmiş filmlərdən parçalarla müşayiət olunmuşdur.
Azərbaycan istedadlarla zəngindir. Mədəniyyətimizə bəstəkar, rejissor, aktyor nəsilləri vermiş ailələr çoxdur. Amma ailənin bütün üzvlərinin rəssam olması nadir hadisədir. Fikrət Əhədovun həyat yoldaşı Firəngiz Qurbanova tanınmış rəssam-multiplikator, oğlu Cavid istedadlı rəngkardır, nəvəsi də gözəl şəkil çəkir və məktəbi bitirdikdən sonra ailə ənənəsini davam etdirmək niyyətindədir.
Tanrının bəxş etdiyi istedad sayəsində sənətkarlar özlərindən sonra bütöv bir məktəb qoyub gedirlər. Bu, hər bir kəsə nəsib olan xoşbəxtlik deyildir. Çıxış edənlər Fikrət Əhədovu xatırlayarkən onun təkcə istedadını deyil, xüsusi ünsiyyət mədəniyyətini, ciddiliyini, əsl Azərbaycan ziyalısına xas olan zahiri və daxili gözəlliyini xüsusilə qeyd etmişlər.
Sənətkar onunla işləyənlərin, onu tanıyanların yaddaşında məhz belə qalacaqdır.