İQTİSADİYYAT
BAKIDA “AZƏRBAYCANIN ENERJİ SEKTORUNDA HÜQUQİ YANAŞMA VƏ STRUKTUR İSLAHATLARI” TVİNNİNQ LAYİHƏSİNİN TƏQDİMATI OLACAQDIR
Bakı, 26 yanvar (AZƏRTAC). Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətindən bildirmişlər ki, fevralın 2-də Bakıda “Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və Struktur İslahatları” tvinninq layihəsinin təqdimatı olacaqdır.
SEN ilə Almaniyanın İqtisadiyyat və Texnologiya Federal Nazirliyi (AİTFN) arasında energetika sahəsində tvinninq layihəsinin reallaşdırılması məqsədi ilə saziş imzalanmışdır. Məqsəd Azərbaycanın energetika sektoruna aid mövcud qanunvericilikdə islahatlar həyata keçirmək, onun Avropa İttifaqının hüquqi bazasına yaxınlaşdırmaqdır.
Layihənin rəhbərləri SEN-in hüquqi münasibətlər və metrologiya şöbəsinin müdiri İbrahim Ağayev və AİTFN-in rəsmisi Guenter Vaşekdir. Daimi tvinninq layihəsinin məsləhətçiləri isə SEN-in energetika şöbəsinin müdiri Tahir Cəfərov və AİTFN-in rəsmisi Valter Sandtnerdir. Bundan əlavə, layihədə 14 nəfər alman ekspertinin və 3 Slovakiya mütəxəssisinin iştirakı gözlənilir.
Tvinninq layihəsi çərçivəsində birgə işçi qrupların yaradılması, seminarların, Avropaya tanışlıq səfərlərinin təşkili və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tvininq layihəsinin əsas məğzi elektrik enerjisi və qaz sahəsində Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının bu sahədəki qanunvericiliyinə (Acquis Communautaire) yaxınlaşdırılmasıdır.