İQTİSADİYYAT
BAKIDA “BAKUTEL-2005” BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SƏRGİSİ VƏ FORUMU KEÇİRİLƏCƏKDİR
İteca Caspian şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbirə dünyanın 20-dən çox ölkəsinin 100-dən artıq şirkəti qatılacaq. İştirakçılar İKT sahəsinində ən son yenilikləri, şəbəkələrini, təhlükəsizlik sistemlərini, İKT və ofis texnologiyalarını, kabel və naqilsiz rabitə, peyk rabitəsi və teleradio yayım avadanlığını, proqramlarla təchizatını və avtomatlaşdırma sistemlərinı nümayiş etdirəcəklər.
Bu il “BAKUTEL-2005”-də ilk dəfə olaraq bank texnologiyalarına və elektron hökumətə dair yeni bölmələr təqdim ediləcək, həmçinin iştirakçılar bank texnologiyaları sektorunda, aparıcı banklar mühitində informasiya texnologiyalarının tətbiqi sahəsində ən yeni texnoloji nailiyyətlər, yeni bank xidmətləri, texnoloji həllər və məhsullar ilə də tanış olacaqlar.
Sərgi çərçivəsində İKT sahəsinə həsr olunmuş beynəlxalq forum da keçiriləcəkdir. 300-dən çox nümayəndənin qatılacağı forum, əsasən elektron hökumət, Smart region və informasiya cəmiyyəti üzrə Ümumdünya Tunis Sammitinə hazırlıq məsələlərini əhatə edəcəkdir.
Beynəlxalq tədbir oktyabrın 29-dək davam edəcəkdir.