SİYASƏT
BAKIDA BEYNƏLXALQ AVRASİYA TƏHSİL İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQLARI BİRLİYİNİN III FORUMU KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, noyabrın 3-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin III forumu başlanmışdır.
İştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər qərənfillər düzmüşlər.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev forumu açaraq xatırlatmışdır ki, türkdilli dövlətlərin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi 2006-cı ilin iyununda Ankarada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhsil işçiləri həmkarlar ittifaqları rəhbərlərinin iştirakı ilə keçirilmiş forumda yaradılmışdır. Qurumun əsas məqsədi üzv ölkələrdə təhsil işçilərinin əmək, sosial-iqtsadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsini, siyasi mövqeyindən və sosial vəziyyətindən asılı olmayaraq, peşə və sosial statusunun artırılmasını, əmək şəraitinin yaxşılaşdırılmasına nəzarəti təmin etməkdir.
2007-ci ilin iyununda Qırğızıstanda keçirilmiş II forumda birgə əməkdaşlıq və fəaliyyət barədə müvafiq memorandum imzalanmışdır.
Bakıda keçirilən forumda Özbəkistanın Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı da Birliyə daxil olmuşdur.
S.Mehbalıyev respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ölkəmiz üçün ağır nəticələri yurd-yuvasından didərgin düşmüş insanların yaşayışının yaxşılaşdırılması üçün dövlətin gördüyü tədbirlər barədə qonaqlara məlumat vermiş, ölkədə aparılan islahatlarda həmkarlar ittifaqlarının yaxından iştirak etdiyini vurğulamışdır.
AHİK sədri bildirmişdir ki, cəmiyyətin tərəqqisinin mühüm amili kimi təhsil və elm xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu sahədə xüsusi dövlət proqramları gerçəkləşdirilir. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq, 2008-ci ildə 1,1 milyard manat təşkil etmiş, investisiya xərcləri isə 5,8 milyon manatdan 220 milyon manata çatmışdır.
İki gün davam edəcək forumda üzv ölkələr arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq, bu sahədəki problemlər, əməkdaşlığın yeni yolları müzakirə olunacaqdır.
Forumda çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Həsən Nağıyev, Türk Eğitim-Sen Genel sədri İsmayıl Koncuk, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Marya Amantayeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri Asılbek Toktoqulov, Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Şurasının sədr müavini Muratcan Şarifcanov və başqaları Bakı forumunun əhəmiyyətindən danışmışlar. Onlar ölkələrində biliyə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət yetirildiyini, iqtisadi və sosial inkişafın məhz bunların sayəsində mümkün olduğunu bildirmişlər. Çıxışlarda bu sahədə üzv ölkələrin təcrübəsindən bəhrələnməyin, fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanmışdır.
Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi III forumunun qətnaməsi qəbul olunmuşdur. Növbəti, IV forumun Qazaxıstanda keçirilməsi qərara alınmışdır.
######