MƏDƏNİYYƏT
Bakıda böyük rus müğənnisi Leonid Sobinovun anadan olmasının 140 illiyi münasibətilə musiqili gecə keçirilmişdir
Bakı, 18 iyun (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rus opera tenoru, rus klassik vokal məktəbinin ən böyük nümayəndələrindən biri Leonid Sobinovun anadan olmasının 140 illiyi münasibətilə musiqili gecə keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gecənin aparıcısı, sənətşünas Gelena Staxovskaya adı Fyodor Şalyapin, Antonina Nejdanova və Nadejda Obuxova ilə yanaşı, musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış böyük opera müğənnisi L.Sobinovun həyatından söz açaraq demişdir ki, müğənninin dünyada geniş tanınan yaradıcılığı rus incəsənətinin parlaq rəmzlərindən birinə çevrilmişdir.
Sonra tamaşaçılara L.Sobinovun həyat və yaradıcılığının mühüm məqamlarını əks edən sənədli film nümayiş etdirilmişdir.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının şagirdlərinin konserti ilə başa çatmışdır. Onlar klassik rus, Azərbaycan və Avropa bəstəkarların instrumental əsərlərini təqdim etmişlər.
Gənc ifaçıların çıxışlarını hərarətlə qarşılayan tamaşaçılar rus sənətinin ən yaxşı nümunələri ilə yaxından tanışlıq imkanına görə tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.