CƏMİYYƏT
Bakıda dilənçilik adı altında narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb. Onun üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq, özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək, paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq istədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini narkotik vasitə almağa xərclədiyini deyib.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.