MƏDƏNİYYƏT
BAKIDA DÜNYA ŞÖHRƏTLİ CAZ PİANOÇUSU VƏ BƏSTƏKARI ÇİK KOREANIN KONSERTİ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə oktyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli caz pianoçusu və bəstəkarı Çik Koreanın konserti keçiriləcəkdir.
Çik Korea 12 “Qremmi” və 48 nüfuzlu müsabiqənin mükafatçısıdır. 2005-ci ildə ABŞ-da ona fəxri “Caz ustası” adı verilmişdir. O, beynəlxalq caz aləmində bir neçə virtuozdan biri hesab olunur.
Çik Korea Amerika, Avropa və Asiyanın nüfuzlu konsert salonlarında, festivallarda dünyanın şöhrətli caz musiqiçiləri Bobbi Makferrin, Con Maklaflin, Pako de Lusiya, Xerbi Xenkok, Al di Meola, Con Patituççi ilə birgə çıxış etmişdir.
Konsertin təşkilatçısı “Dünyanın caz ulduzları Bakıda” devizi ilə silsilə konsertlərin təşəbbüskarı “Premier Art” konsert agentliyidir.