ELM VƏ TƏHSİL
Bakıda “Education USA–Alumni Fair” adlı təhsil sərgisi keçirilmişdir
Bakı, 17 may (AZƏRTAC, Aygün Məmmədova). Mayın 17-də “Caspian Business Center”də ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə “Education USA-Alumni Fair” adlı təhsil sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirmişdir ki, ABŞ və Azərbaycan arasında təhsil sahəsində bir sıra mübadilə proqramları həyata keçirilir. Vurğulanmışdır ki, ABŞ-dan Azərbaycana qayıdan məzunlar iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, inkişafına dəyərli töhfələr verirlər.
“Education USA–Alumni Fair” təhsil sərgisində ABŞ-ın 25-dən çox nüfuzlu təhsil müəssisi, o cümlədən “Texas”, “Massachusets”, “American” universitetlərinin təmsil olunduğu tədbirdə tələbələrin, şagirdlərin və valideynlərin ABŞ universitetlərini bitirmiş azərbaycanlı və əcnəbi məzunlarla görüşüb məsləhətləşmək imkanı olmuşdur.
Sərgidə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak etmişlər.