MƏDƏNİYYƏT
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin könüllülər qrupunda çalışmış şəxslərin mükafatlandırılma mərasimi keçirilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). İyulun 7-də Bakıdakı “Buta Palace”da “Eurovision-2012” mahnı müsabiqəsində könüllü qismində çalışmış şəxslərin mükafatlandırılma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Eurovision-2012” mahnı müsabiqəsinin könüllüləri haqqında ümumi məlumat verilmişdir. Bildirilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbə xüsusi bacarıqları ilə fərqlənərək şəhərimizdə keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçilmişdilər. Mahnı müsabiqəsində işləyəcək şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi məşğul olmuşdur.
Könüllülər 4 aparıcı təşkilatın - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “İRƏLİ” İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılmışdılar. Müraciət edənlər nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə cəlb olunmuşlar. Müsabiqəyə könüllü qismində çalışmaq üçün 3000 nəfərdən çox şəxs müraciət etmiş və ilkin mərhələdə yalnız 750 nəfər seçilmişdir. Müraciət edən şəxslər çox ciddi şəkildə yoxlanılmış və bal sisteminə əsasən qruplara bölmüşdülər ki, bu da gələcəkdə tələb olunan işlərə uyğun könüllülərin cəlb edilməsində böyük rol oynamışdır.
Ehtiyat kadr kimi isə 600 nəfər saxlanılmış və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilmişdir. Beləliklə, Gənclər və İdman Nazirliyi tərəfindən 1000 nəfərə yaxın şəxs bu yarışmada könüllü qismində çalışmışdır. Onlar arasında ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də vardır.
Sonra könüllülərin mahnı müsabiqəsi ərzində fəaliyyətindən bəhs edən video-rolik göstərilmişdir.
Tədbirdə çıxış edənlər “Eurovision-2011”də Azərbaycanın qazandığı qələbənin ölkəmizin təbliği baxımından əhəmiyyətini vurğulamış, bu il Bakıda keçirilən 57-ci mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilindən və bu işdə könüllülərin fəallığından danışmışlar. Könüllülər arasında gənclərin böyük əksəriyyət təşkil etdiyini qeyd edən natiqlər, onları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Könüllülərin “Eurovision-2012” mahnı müsabiqəsində səsləndirilən mahnılardan hazırladıqları rəqs alqışlarla qarşılanmışdır.
Əyləncəli proqramla davam edən tədbirdə “Eurovision-2012” mahnı müsabiqəsi könüllülərinə sertifikatlar təqdim edilmişdir.