MƏDƏNİYYƏT
Bakıda “Future Shorts” - qısametrajlı filmlər festivalı keçiriləcəkdir
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 14-də “YARAT!” qeyri-kommersiya təşkilatının təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə Bakıda “Future Shorts” - qısametrajlı filmlər festivalı açılacaqdır.
AZƏRTAC xəbər verir ki, festivalın məqsədi və fərqliliyi nümayiş olunan filmlərdə dünya və cəmiyyətin tamaşaçının gördüyü kimi göstərilməsindədir. Bu festivaldakı şokedici filmlər bir növ “digər Hollivud”u təqdim edir.
“Future Shorts” festivalı ümumilikdə 55 ölkəni, 150 şəhəri, bütün iri yayım şəbəkələrini və nüfuzlu qurumları əhatə etməklə, ən maraqlı qısametrajlı filmlərin və istedadlı rejissorların təqdimatını keçirir.
Festivalın izləyicilərinin sayı 25 min nəfərdir. Yeni yaz mövsüm proqramında 7 klassik, məşhur və ən çox qalib gəlmiş qısametrajlı filmlərin nümayişi nəzərdə tutulmuşdur. Martın 1-dən mayın 31-dək davam edən baxışa Neş Edgertonun “Hörümçək”, Kann və Sandens festivallarında uğur qazanmış “Ayı”, Sem Teylorun BAFTA nominasiyalı “Səni daha çox sevirəm” filmi və Spayk Consun “Sənin yanında ölmək” filmlər daxildir.
“Tamaşaçı mükafatı” tamaşaçıların səsverməsi ilə mayın 31-də elan ediləcəkdir. “Future Shorts” insanlara şəxsi mini film festivalını təşkil etməkdə yardımçı olaraq, kinematoqrafları kütləvi tamaşaçı seyrinə çıxarmağa şərait yaradır. 25 min nəfərdən artıq auditoriyası və 2 milyondan artıq “Future Shorts” kanal izləyicisi olan bu festival hər bir kəsin yer ala biləcəyi müsabiqədir. Bu, gələcək nəslin festivalıdır.
2003-cü ildən keçirilən “Future Shorts” festivalı inqilabi şəhərlərin, dünya mərkəzlərinin və yeni ərazilərin ünsiyyəti və qısametrajlı filmlərin əsl kino bayramıdır.