MƏDƏNİYYƏT
Bakıda “Gənc memarların müasir memarlığa baxışı” mövzusunda sərgi açılıb
Bakı, 6 fevral, AZƏRTAC
Bakıda “Gənc memarların müasir memarlığa baxışı” mövzusunda sərgi açılıb. Sərgidə tələbə memarların yaradıcılıq layihələri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının təşkil etdiyi sərginin açılışında çıxış edən qurumun idarə heyətinin sədri Elbay Qasımzadə son illər ölkəmizdə, xüsusilə paytaxt Bakıda baş verən müsbət dəyişikliklər, memarların bu sahədə qazandığı uğurlardan danışıb, gənc memarlar üçün təşkil edilən müsabiqənin onların yaradıcılığında çox böyük rolu olacağını vurğulayıb.
E.Qasımzadə bildirib ki, Memarlar İttifaqı tərəfindən ənənəvi olaraq reallaşdırılan layihənin əsas məqsədi ölkənin müasir memarlığının inkişafına təkan vermək, gənc istedadlı memarların üzə çıxarılmasına, onların tanınmasına və yaradıcılıq imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.
Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbə memarlarının 30 işi nümayış olunub. Təqdim edilən əsərlər arasında şəhərsalma layihələri və müxtəlif interyer və eksteryer həlləri, eskiz layihələri xüsusi yer tutur.
Sonda ən yaxşı layihə müəlliflərinə fəxri fərman və hədiyyələr təqdim olunub.