İDMAN
Bakıda güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi yarışları davam edir
Bakı, 22 sentyabr (AZƏRTAC). Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günü qadın güləşçilər mübarizəyə qoşulmuşlar.
Əsas yığma komandanın üzvləri Kanadada keçiriləcək dünya çempionatında iştirak edəcəyindən məşqçiləri korpusu bu yarışda əsasən ehtiyat qüvvəyə şans vermişlər.
Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Yarina Dubovska, Solmaz Həşimzadə (hər ikisi 55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova, Gözəl Zutova (hər ikisi 67 kq) və Natalya Palamarçuk (72 kq) birincilik uğrunda mübarizə aparırlar.