MƏDƏNİYYƏT
Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Bakı, 4 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, artıq beşinci həftədir ki, sənətsevərlərin görüşünə gələn muğam televiziya müsabiqəsinin budəfəki seçim mərhələsi də rəngarəng ifalarla yadda qalmışdır.
İstedadlı gənclər dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəzəlləri üstündə oxunan muğam və xalq mahnılarımızı dinləyicilərə təqdim etmişlər.
Əsl mədəniyyət bayramına çevrilən IV muğam televiziya müsabiqəsinin növbəti mərhələsi də həyəcan və sevinc dolu anlarla yadda qalmışdır.
Milyonlarla tamaşaçının böyük maraqla izlədiyi IV muğam televiziya müsabiqəsi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir. Bu müsabiqənin əsl məktəb olduğunu desək, şübhəsiz ki, mübaliğəyə yol vermiş olmarıq. Hər həftə yeni repertuarla tamaşaçıların və münsiflər heyətinin qarşısına çıxan gənclər öz istedadlarını nümayiş etdirməklə yanaşı, həm də bir xanəndə kimi püxtələşirlər.
Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə canlı yayımlanır.