CƏMİYYƏT
Bakıda I Endoskopik Forumu keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) I Bakı Endoskopik Forumu keçirilib.
MOM-un mətbuat mərkəzində AZƏRTAC-a verilən məlumata görə, forumda mədə-bağırsaq traktının müəyyən patologiyaları zamanı selikaltı endoskopik disseksiya (ESD - Endoscopic Submusocal Dissection) metodunun tətbiqi barədə informasiya təqdim edilib. Bundan əlavə, MOM-un əməliyyatxanasında onlayn rejimdə yoğun bağırsağın poliplərinin endoskopik üsulla kəsilib götürülməsi (endoskopik polipektomiya) əməliyyatı göstərilib.
Tədbirdə qeyd edilib ki, MOM-un endoskopiya bölməsi 1983-cü ildə yaradılıb. Bölmə mədə-bağırsaq traktının yuxarı bölmələrinin, düz bağırsağın, yuxarı nəfəs yollarının, traxeyanın, bronxların, sidik kisəsinin diaqnostik müayinəsini aparmağa, habelə müalicəvi endoskopik manipulyasiyaların geniş spektrini həyata keçirməyə imkan verən müasir avadanlıqla təchiz olunub.
Forumda N.N.Petrov adına Sankt-Peterburq Elmi-Tədqiqat Onkologiya İnstitutunun (Rusiya) endoskopiya şöbəsinin müdiri Oleq Tkaçenko, MOM-un endoskopiya şöbəsinin rəisi Elman İbrahimov, şöbənin əməkdaşları Əsəd Hacıyev və Həcər Həsənova məruzələrlə çıxış ediblər.