İDMAN
Bakıda idman dırmanması üzrə dünya kuboku yarışları keçiriləcəkdir
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 22-23-də Azərbaycanda ilk dəfə idman dırmanması üzrə dünya kuboku yarışları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında təşkil olunacaqdır.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcəkdir.
Dünya kuboku yarışlarını izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti iyunun 20-də Azərbaycana gəlmişdir.
Qeyd edək ki, Beynəlxalq İdman Dırmanması Federasiyasının İdarə Heyətinin yığıncaqlarında sözügedən təşkilatın ayrı-ayrı vaxtlarda ölkəmizdə səfərdə olmuş nümayəndələri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəaliyyətini təqdirəlayiq hesab etmiş və Azərbaycanda bu idman növlərinin son illərdə nəzərəçarpacaq dərəcədə inkişafda olduğunu, xüsusilə də ölkəmizin yüksək idman şöhrətini nəzərə alaraq 2013-cü ildə idman dırmanması üzrə dünya kubokunun mərhələ yarışlarının birinin Bakıda keçirilməsinə qərar vermişdir.