MƏDƏNİYYƏT
Bakıda keçirilən birinci beynəlxalq Türkiyə caz festivalına yekun vurulub
Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə reallaşan birinci beynəlxalq Türkiyə caz festivalının son günündə səhnəyə, tanınmış opera ifaçısı Oya Ergün çıxıb.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun festivalın əhəmiyyətindən söz açıb.
Diplomat deyib: “Biz Türkiyənin caz dünyasının tanınmış simalarını Bakıdakı caz həvəskarları ilə görüşdürdük. İncəsənəti, caz da daxil olmaqla bütövlükdə musiqi irsi dünyada heyranlıqla qarşılanan odlar yurdu Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürur oldu. Festivala ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, azərbaycanlı qardaşlarımız festival çərçivəsində keçirilən konsertlərdən məmnun qaldılar. Bu festivalda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Daha sonra səhnəyə çıxan, ölkəmizdə fəaliyyət göstərən türkiyəli sənətçi Oya Ergün Bakıda olmağından məmnunluğunu ifadə edib, Azərbaycanlı pərəstişkarlarından xeyli məktub aldığını söyləyib.
Dünyanın bir çox şəhərlərində çıxış edən Oya Ergün tamaşaçılara unudulmaz anlar bəxş edib.