İDMAN
Bakıda keçirilən “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində qadın güləşçilər mübarizəyə qoşulmuşlar
Bakı, 9 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulmuşlar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda ölkəmizin idman şərəfini Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli, Olesya Zamula (hər ikisi 59 kq), Gözəl Zutova, Anna Belyayeva (63 kq), Nataliya Palamarçuk, Zümrüd Qurbanhacıyeva (hər iksi 67 kq), Dina İvanova və Nadya Sementsova (hər ikisi 72 kq) qoruyurlar.
Xatırladaq ki, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparmışlar. Yığmamız ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla komanda hesabında birinci yeri tutmuşdur. Qızıl medalları Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) qazanmışlar. Gümüş medallar Ağahüseyn Mustafayev (60 kq) və Əşrəf Əliyevin (74 kq), bürünc medallar isə Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) adına yazılmışdır.