İDMAN
Bakıda keçirilən tələbələr arasında dünya çempionatının finalında yeddi Azərbaycan boksçusu mübarizə aparacaqdır
Bakı, 17 noyabr (AZƏRTAC). Bakı İdman Sarayında keçirilən boks üzrə tələbələr arasında dünya çempionatının finalçıları müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, milli komandamızın 7 üzvü həlledici görüşdə çıxış etmək hüququ qazanmışdır. Salman Əlizadə, Samir Məmmədov, Cavid Çələbiyev, Heybətulla Hacəliyev və Emin Əhmədovun ardınca daha iki boksçumuz yarımfinalda qələbə qazanmışdır.
Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionu Şaban Şahpələngov ukraynalı Dmitri Kartaşov üzərində inamlı qələbə qazanmışdır. Üçüncü raundda hakimlər döyüşü saxlayaraq, qələbəni həmyerlimizə vermişlər. Tamerlan Abdullayev (69 kq) isə Qazaxıstan boksçusunu çətinliklə məğlub etmişdir - 12:10.
Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91 kq-dan yuxarı) finala vəsiqə qazana bilməmişlər. London Olimpiadasının iştirakçısı V.Hüseynli Ukrayna, K.Mehdiyev isə Rusiya boksçusuna məğlub olmuşlar.