CƏMİYYƏT
Bakıda keçmiş məhkum “Naqan” markalı tapançanı satmaq istəyərkən saxlanılıb VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Z.Məmmədov polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıb. Həmin şəxs odlu silahı satmaq istəyən zaman tutulub. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Naqan” markalı tapança aşkarlanaraq götürülüb. Zeytun Məmmədov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 4-cü polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.