REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Sentyabrın 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdi.
Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11,75 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 1,8 ton kartof, 3 ton meyvə, 0,1 ton taxıl məhsulları, 3 min ədəd yumurta və s. təklif olunurdu. Ümumilikdə şənbə və bazar günlərində yarmarkaya 22,6 ton məhsul çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 25-30, kartof 40-60, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına bir gün əvvəl bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Gədəbəy və Göyçay rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 64,5 ton meyvə-tərəvəz, bostan bitkiləri, ət, ağartı və digər məhsullar gətirmişdilər.
Şənbə günündə olduğu kimi, sentyabrın 30-da da yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulun 90 faizi satılıb qurtarmışdır.
Yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən xiyar, pomidor, bibər, badımcan, lobya, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən nar, heyva, gavalı, qarağat, şaftalı, üzüm, zoğal, alma, armud, bostan məhsullarından yemiş, qarpız, balqabaq və s. təşkil edir. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (26,7 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,3 ton) satışa bir gün əvvəl Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 29 ton məhsul satılıb qurtarmaq üzrədir.
Hər iki yarmarkada heyva, nar, üzüm, gavalı, şaftalı, zoğal, alma, armud, pomidor, xiyar, soğan, kartof, qarpız, yemiş, göyərti və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Ötən həftənin istirahət günlərində Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara, Daşkəsən rayonlarından 222 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 200 tondan çox kartof, soğan, xiyar, pomidor, kələm, kök, lobya, bibər, göyərti, alma, armud, üzüm, naringi, badımcan və digər məhsullar satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından gətirilmiş 48,2 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən daxil olmuş 10 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Yarmarkada çeşidlərin bolluğu göz oxşayırdı. Fermer təsərrüfatları tərəfindən mövsümə uyğun olaraq alıcılara daha çox bostan bitkiləri - qarpız, yemiş, habelə meyvə-tərəvəz və digər məhsullar təklif olunurdu. Bununla yanaşı, alıcılar həmişə olduğu kimi ət, süd məhsulları, yumurta, ağartı, göyərti və s. kənd nemətlərini də həvəslə alırdılar. Onların dediklərinə görə, yarmarkadakı meyvə, göyərti və ağartı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə təklif olunması çox sərfəlidir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya fermerlər müxtəlif çeşiddə meyvə-tərəvəzlər, bostan və süd məhsulları çıxarmışdılar. Ağstafa, Goranboy, Siyəzən, Bərdə və digər rayonlardan gətirilmiş həmin məhsullar alıcılara bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 19,5 ton məhsul satılmışdır.