REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdir.
Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,95 ton məhsul, o cümlədən 1,2 ton ət, 0,3 ton ağartı, 2,7 ton tərəvəz, 2,5 ton kartof, 3 ton meyvə, 0,3 ton taxıl məhsulları, 2 min ədəd yumurta və s. təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 25-30, kartof 40-60, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Gədəbəy və Göyçay rayonlarının fermerləri və torpaq mülkiyyətçilərini satışa daha çox məhsul çıxarmağa sövq etmişdir. Bunun nəticəsidir ki, onlar şənbə günü yarmarkaya 67,5 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirmişlər.
Burada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən xiyar, pomidor, bibər, badımcan, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan balqabaq, lobya, üzüm, nar, heyvan və digər meyvə-tərəvəzlər daha çoxdur. Məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 17 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Salyandan gətirdiyi narın kiloqramını 60-80 qəpiyə təklif edən Məmməd Məmmədov ötən müddətdə burada 1 tondan çox məhsul satdığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev məlumat verdi ki, yarmarkada təklif edilən bütün məhsulların keyfiyyətinə və qiymətlərinə ciddi nəzarət olunur. Biz burada fermerlərə becərdikləri məhsulun sərfəli qiymətə satması üçün hər cür şərait yaratmışıq.
Sakinlər yarmarkaların davamlı təşkilindən, malların ucuz və keyfiyyətli olmasından məmnunluqla danışırdılar.
Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (26,2 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,2 ton) satışa Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 28,4 ton məhsul çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümə uyğun meyvələrdən nar, heyva, üzüm, həmçinin alma, armud, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, lobya və digər məhsulların, xüsusilə ağartı məhsullarının alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara, Daşkəsən rayonlarından 202 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsullar bazarlardakından 20-25 faiz ucuz qiymətə satılır. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada şəhər sakinlərinə sərfəli qiymətə nar, heyva, feyxoa, xiyar, xurma, pomidor, üzüm, narıngi, kök, çuğundur, kələm və digər məhsullar təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 38,1 ton kənd təsərrüfatı məhsulları və Goradil broyler fabrikindən 15 min ədəd yumurta gətirilmişdir.
Havaların yağmurlu keçməsinə baxmayaraq yarmarkada bir səliqə-sahman, bolluq və canlanma gözə çarpır, ilk baxışdan çeşidlərin bolluğu hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq daha çox bostan bitkilərindən balqabaq, həmçinin meyvə-tərəvəz və digər məhsullar təklif edilirdi. Bununla yanaşı, paytaxt sakinləri həmişə olduğu kimi, ət, süd məhsulları, yumurta, ağartı, göyərti və kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini də həvəslə alırdılar. Onların dediklərinə görə, yarmarkadakı meyvə, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə olması çox sərfəlidir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bol məhsul nəzərə çarpırdı. Goranboy, Siyəzən, Ağstafa, Bərdə və digər rayonların fermerləri gətirdikləri meyvə-tərəvəzləri, süd və bostan məhsullarını bazardakından 25-30 faiz ucuz qiymətlərə satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 30,7 ton məhsul çıxarılmışdır.