REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 4 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 2,5 ton tərəvəz, 2,5 ton kartof, 2,7 ton bostan məhsulları, 2 ton meyvə, 2 min ədəd yumurta təklif olunurdu. Paytaxt sakinləri yarmarkaya gələrək həvəslə təzə və keyfiyyətli məhsullar alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, burada qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 80 – 3 manat 10 qəpiyə, kartof, pomidor, xiyar, soğan və badımcan 30-50, yumurtanın biri 9 qəpiyə və s. satılır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, satışa Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 86,3 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Meyvə-tərəvəzin, bostan məhsullarının və ağartının təqribən üçdəbir hissəsi, başqa sözlə, 22,1 tonu Salyan rayonunun payına düşür. Paytaxt sakinləri yarmarkada onlara təklif edilən bol xiyar, badımcan, lobya, kartof, soğan, yerkökü, acı və şirin bibər, kələm, alça, şaftalı, üzüm, gavalı, yay alması, göyərti, ağartı və s. məhsulları həvəslə alırlar. Burada qiymətlər də sərfəlidir. Bütün məhsullar bazarlardakından 25-30, bəziləri hətta 40 faiz ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada sakinlərə Ağdaş, Salyan, Masallı və digər rayonlardan gətirilmiş 18 tondan çox kənd təsərrüfatı məhsulu təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin sözlərinə görə, burada bostan məhsulları üstünlük təşkil edir. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Qəsəbə sakinləri Həsən Məmmədov, Səmayə Budaqova və başqaları təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından ucuz olduğuna görə razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda satışa Lənkəran, Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 64 tondan artıq kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bu məhsullar bazarlarla müqayisədə 25-30 faiz ucuz satılır. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya Quba, Qəbələ, Salyan, Ağcabədi, Şəmkir, Kürdəmir, Biləsuvar rayonlarından 202 ton kənd təsərrüfatı məhsulu gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 70 qəpiyə, yumurta 9-10, qarpız 10-15, alma 50, gavalı 60, kartof 50, soğan 40 qəpiyə, pomidor 70 qəpik -1 manata təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Qazax və Ağsudan gətirilmiş 21 tondan çox meyvə-tərəvəz çıxarılmışdır. Məhsullar bazarlardakından ucuz təklif edilir.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya isə Ağstafa, Bərdə və Goranboydan ucuz kənd təsərrüfatı məhsulları gətirilmişdi.
######