REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 13 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12 tondan çox məhsul satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə almışlar. Yarmarkada məhsullar bazardakından 20-25 faiz ucuz təklif olunmuşdur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada, iki gün ərzində Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 90 tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır. Paytaxt sakinləri yarmarkada onlara sərfəli qiymətə təklif edilən bol xiyar, badımcan, lobya, kartof, soğan, yerkökü, acı və şirin bibər, kələm, alça, şaftalı, üzüm, gavalı, yay alması, göyərti, ağartı və s. məhsulları həvəslə almışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda şənbə və bazar günləri Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 58,6 ton kənd təsərrüfatı məhsulları satılmışdır. Bu məhsulların qiymətləri bazarlarla müqayisədə 25-30 faiz ucuz olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Quba, Qəbələ, Salyan, Ağcabədi, Şəmkir, Kürdəmir, Biləsuvar rayonlarının fermerləri iki gündə 192 ton kənd təsərrüfatı məhsulu satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada şənbə və bazaar günləri Qazax və Ağsudan gətirilmiş 20 tondan çox meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Bərdə və Goranboy fermerləri alıcılara ucuz kənd təsərrüfatı məhsulları təklif etmişlər.
######