REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 7 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,5 ton ağartı, 2 ton tərəvəz, 3 ton kartof, 0,3 ton bostan məhsulları, 1,8 ton meyvə satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada iki gün ərzində Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 76 ton meyvə-tərəvəz, ət, balıq satılmışdır. Bütün növ məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində şənbə və bazar günləri alıcılara Lənkəran, Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 45,4 tondan çox məhsul satılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz olmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara fermerləri iki gün ərzində 150 ton meyvə-tərəvəz, ət və süd məhsulları satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov bildirmişdir ki, satışa çıxarılan məhsulların qiymətləri bazarlardakından 25-30 faiz ucuz olmuşdur.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şənbə və bazar günləri paytaxt sakinlərinə Bərdə, Ağstafa, Siyəzən, Goranboy rayonlarından gətirilmiş 25 tondan artıq alma, nar, kartof, kələm, kök, çuğundur, turp və digər kənd təsərrüfatı məhsulları satılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, həmin məhsullar alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinovun sözlərinə görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada istirahət günləri satışa Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan rayonlarından gətirilmiş 29,5 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikindən isə 10 min ədəd yumurta çıxarılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri burada qayda-qanuna nəzarət etmişlər.