İQTİSADİYYAT
Bakıda “Mado” restoranlar şəbəkəsinin yeni filialının açılışı olub
Bakı, 19 may, AZƏRTAC
Bakının iaşə obyektləri sırasına yeni bir ünvan daxil olub: Zərdabi küçəsi, 183. Həmin ünvanda yerləşən “Baku Mall”da “Mado” restoranlar şəbəkəsi öz qapılarını qurmanların üzünə açıb. Yeni iaşə müəssisəsinə üz tutanlar öz ağız dadına uyğun olaraq türk mətbəxinin ən gözəl təamlarını və müxtəlif şirniyyatlarını dada biləcəklər.
AZƏRTAC xəbər verir ki, mayın 19-da keçirilən açılış mərasimində Milli Məclisin deputatları, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, restoranın müsafirləri müasir interyer və zövqlü masalarda əyləşərək “Mado”nun menyusundan istədikləri məhsulu sifariş verə biləcəklər. Rahat lokasiya, klassik üslubda interyer və artıq sevilən menyu - bunun sayəsində yeni müəssisə qonaqlar üçün sevimli bir məkana çevriləcək. Dondurmanı bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan “Mado” restoranlar şəbəkəsi hər kəsin zövqünə, istəyinə və ən başlıcası, ağız dadına uyğun çeşidlər təqdim edəcək.
Digər şöbələrdə olduğu kimi, burada al-götür və çatdırılma xidmətləri mövcuddur. Burada hər şey istehlakçıların rahatlığına xidmət edir.
Açılışda Prezident İlham Əliyevin ölkəmizdə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı istiqamətdə tətbiq etdiyi islahatların bariz nümunəsi kimi bu cür tədbirlərin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, “Mado” restoranlar şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir. Hazırda 6 şöbəsi olan “Mado” ilk restoranını Bakının mərkəzində, Mərdanov qardaşları küçəsində açıb. Əsas missiyası müştərilərinin hər cür ehtiyac və istəklərinə cavab verə bilmək və prinsip olaraq seçdiyi keyfiyyət standartlarına müasir texnikadan istifadə edərək nail olmaqdır.