İDMAN
Bakıda “Mançester Yunayted” Futbol Məktəbi fəaliyyət göstərəcək
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə akademiyanın istedadlar qruplarında hər birində 16 olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə “Mançester Yunayted” klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
Məşqlər “Mançester Yunayted” Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçimləri sentyabrın 23-də Bayıl stadionunda təşkil ediləcək. İstedadlar qruplarına seçimlər prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Bakcell” şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli “Mançester Yunayted” klubunun birgə həyata keçirdikləri bu layihə ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaq. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən əvvəl uşaqlara ingilis dili dərsləri tədris olunacaq ki, bu da təqdirəlayiq bir haldır. Ümidvaram ki, “Mançester Yunayted” Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından “Bakcell” şirkətinə və “Mançester Yunayted” klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib: “Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında “Mançester Yunayted” klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, şirkətimiz ölkədə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. “Mançester Yunayted” Futbol Məktəbinin regionda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlaması ölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir. Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq “Bakcell” şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir”.