CƏMİYYƏT
Bakıda məcburi əməklə bağlı beynəlxalq seminar işə başlayıb
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatının 29 və 105 saylı konvensiyalarının tələblərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, hibrid formatda keçirilən seminarda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun baş mütəxəssisi Qoça Aleksandriya, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və digər şəxslər iştirak edirlər.
Seminarda açılış nitqi ilə çıxış edən BƏT-in sektor müdiri Sergiyus Qlovaskas qlobal problem olan məcburi əməkdən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, yoxsulluğa gətirib çıxarmasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.
AHİK sədri Səttar Möhbalıyev çıxışında BƏT-in “Məcburi əməyin ləğv edilməsi haqqında” 105 saylı konvensiyasının Azərbaycan tərəfindən icrasından və ölkəmizdə məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolundan söz açıb. Bildirib ki, Azərbaycan hökuməti və ölkəmizin bütün maraqlı qurumları 105 saylı Konvensiyanın tətbiqinə böyük diqqətlə yanaşır, göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. Azərbaycanda həmkarlar ittifaqları fəaliyyət göstərən iş yerlərində məcburi əmək halları aşkarlanmayıb, eləcə də bu barədə AHİK-ə ciddi məlumat, müraciət və şikayət daxil olmayıb. Əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin daimi nəzarətindədir.
S.Möhbalıyev qeyd edib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir. Azərbaycanın BƏT-in rəhbər orqanına üzv seçilməsi də bunun əyani təsdiqidir. İndiyədək ölkəmiz BƏT-in 58 konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla milli əmək qanunvericiliyimiz beynəlxalq standartlara və normalara uyğunlaşdırılır.
Konfederasiya sədri vurğulayıb ki, AHİK icbari əməyə qarşı ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. O, həmçinin əlavə edib ki, Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə bağlanmış Baş Kollektiv Sazişdə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulub.
Digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq şəkildə ödənilməsindən, bu sahədə maarifləndirmə işinin təşkilindən, əmək müfəttişliyi xidmətlərinin fəaliyyətinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılmasının zəruriliyindən bəhs ediblər.
Qeyd edək ki, iki gün (19-20 may) davam edəcək seminarda məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu, fəaliyyəti və hüquqi maarifləndirmə tədbirləri, BƏT-in 29 və 105 saylı konvensiyalarının Azərbaycanda həyata keçirilməsi ilə bağlı məruzələr dinlənəcək.