MƏDƏNİYYƏT
Bakıda “Mərkəzi Avropanın müasir şüşə və çini məmulatları” sərgisi açılıb
Bakı, 26 noyabr, Salihə Əliyeva, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Beynəlxalq Mədəni Siyasət Platformasının təqdim etdiyi “Hot & Cold” (“İsti və soyuq”) adlı Mərkəzi Avropa istehsalı olan müasir şüşə və çini məmulatlar sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev iştirakçıları salamlayıb və qonaqları təqdim edib. Qeyd edilib ki, sərgi nadir ekspozisiyadan - Avstriya, Çexiya, Macarıstan, Polşa və Slovakiya şirkətlərinin istehsal etdikləri klassik və müasir şüşə və çini məmulatlardan ibarətdir.
Çexiya Respublikasının Azərbaycandakı səfiri Viteslav Pivonka bildirib ki, ekspozisiyada 5 Avropa ölkəsinin bir neçə studiyası, o cümlədən Çexiyanın “Moser”, “Ave Clara”, “Bomma”, Macarıstanın “Herend”, Polşanın “Polskie Fabriki”, Avstriyanın “Aurarten” kimi məşhur brendləri təmsil olunub.
Çexiya Respublikası Xarici İşlər Nazirliyinin Kütləvi Diplomatiya Departamentinin direktoru Yan Bondi 2001-ci il iyunun 6-da mədəni dialoq üçün forum kimi “Regional Tərəfdaşlıq” ölkələrinin xarici işlər nazirlərinin ilk konfransında yaradılmış Mərkəzi Avropa Beynəlxalq Mədəni Siyasət Platforması barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, sərgi bu Platforma çərçivəsində təşkil olunub. Bu “Hot & Cold” dizayn layihəsi Azərbaycanda məhz geniş kütlə üçün yaradılıb.
Sərgidə şüşə və çini məmulatların ənənəvi Avropa istehsalçıları sırasına daxil olan beş ölkənin şüşə və çini qabları - Vyananın nəfis dəbdəbəli əşyaları və çex şüşəsi, orijinal büllur məmulatlar, stəkanlar, qədəhlər, fincanlar, qrafinlər, isti və soyuq içkilər üçün qablar nümayiş etdirilir. İçki qablarının əsas forması onun təyinatına uyğun olsa da, əsrlər boyu onların bədii forması daim dəyişib. Şüşə istehsalçıları bütün dünya alıcılarının müxtəlif zövqlərini oxşamaq, tələbatını ödəmək üçün yorulmadan yeni forma və dekorlar, habelə istehsal metodları axtarıb tapmağa çalışıblar.
“Hot & Cold” sərgisi dekabrın 10-dək davam edəcək.