SİYASƏT
Bakıda “Merlər Sazişi – Şərq” adlı tədbir keçirilmişdir
Bakı, 23 yanvar (AZƏRTAC). Bakıda Avropa Komissiyasının təşkilatçılığı ilə “Merlər Sazişi - Şərq” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Merlər Sazişi - Şərq” ofisinin rəhbəri xanım Xatuna Siçinava görüşün vacibliyindən danışaraq “Merlər Sazişi” təşəbbüsünün və Şərq tərəfdaşlığı regionundakı şəhərlər üçün bunun faydaları barədə öz fikirlərini bildirmişdir. O qeyd etmişdir ki, layihə çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi Azərbaycan şəhərlərinin kommunal və enerji sektorunda fəaliyyət göstərən idarə və müəssisələri layihə barədə məlumatlandırmaq, qurumlar arasında enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirməkdir.
Beynəlxalq Ekoenerji Akademiyasının vitse-prezidenti Fərhad Əliyev tədbirin əhəmiyyətindən danışmış, Azərbaycanda enerji effektliyi siyasəti barədə görüş iştirakçılarına geniş məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə zəngin neft-qaz ehtiyatlarının mövcud olmasına baxmayaraq, davamlı iqtisadi inkişaf siyasətinin tərkib hissəsi kimi bərpa olunan enerji mənbələrindən istifadə və enerjiyə qənaət tədbirlərinə xüsusi diqqət yetirilir.
Sənaye və Energetika Nazirliyinin investisiya şöbəsinin rəhbəri Ramiz Rzayev bu tədbirin Azərbaycanda “Milli gün” devizi altında keçirildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu layihə Avropa dövlətlərinin şəhər merlərinin 2008-ci ildə razılaşması ilə əsası qoyulan yerli hakimiyyət orqanlarının davamlı enerji prinsiplərini müəyyən edərək başlıca məqsədə çevrilmişdir. Bu, 2020-ci ilə qədər atmosferə atılan tullantıların 20 faizə qədər azaldılması və bərpa olunan enerji mənbələrindən ümumi istifadənin 20 faizə çatdırılmasıdır.
Qeyd edək ki, hazırda Avropanın 4416 şəhəri, keçmiş sovet məkanına daxil olan ölkələrindən Azərbaycanın şəhərləri də daxil olmaqla 49 şəhər “Merlər Sazişi - Şərq” layihəsində iştirak edir.