MƏDƏNİYYƏT
Bakıda “Müasirlikdə miniatür” mövzusunda sərgi açılmışdır
Bakı, 11 mart (AZƏRTAC). “Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə reallaşan Bakı qalereyalar festivalı çərçivəsində martın 11-də Xətai Miniatür Mərkəzində “Müasirlikdə miniatür” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Xalq Rəssamı Arif Hüseynov və “Baku Creative Center” yaradıcılıq mərkəzinin direktoru Emin Yasinov Bakıda ilk dəfə olaraq qalereyalar festivalının keçirildiyini və əsas məqsədin qalereyaların vahid işini təşkil etmək olduğunu bildirmişlər. Sərgidə gənc miniatürçü-rəssamların əsərlərinin üstünlük təşkil etdiyi vurğulanmışdır.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirmişdir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra rəssamlıq sahəsində də yeni addımların atılması üçün şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, xalqımızın dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı və mühüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində yaratdığı əsərləridir. Bu gün də miniatür sənətini yaşadan rəssamlarımız olduğu və sərgidə uzun illər bu sahədəki ənənələrlə müasirlik tendensiyalarının vəhdətdə verildiyi vurğulanmışdır.
Sərginin ekspozisiyasında gənc miniatürçü-rəssamlar Pərinisə Əsgərova, Aytən Şirzadova, Zöhrab Salamzadə, Sirus Mirzəzadə, Fəxrəddin Əli Şəhriyar, Aqil Həşimov, Sara Manafova, Sənan Qurbanov, Cəmilə Haşımovanın və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin tələbələrinin əsərləri nümayiş etdirilir. Həmçinin Xalq Rəssamı Arif Hüseynovun da miniatürləri təqdim olunmuşdur.
Sərginin kuratoru Məhbarə Abbasovadır.
Sərgi martın 18-dək davam edəcəkdir.