İQTİSADİYYAT
Bakıda nağdsız ödənişlərin inkişaf etdirilməsi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
"Visa İnc." Beynəlxalq Kart Təşkilatı müxtəlif şəhərlərdə, o cümlədən Bakı şəhərində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də MBNP-nin baş icraçı direktoru İbrahim Alışovun "Visa İnc." Beynəlxalq Kart Təşkilatının nümayəndələri ilə keçirdiyi görüşdə "Visa İnc." Beynəlxalq Kart Təşkilatını Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov, MDB və Cənub-Şərqi Avropa regionu üzrə hökumət qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edib.
Araşdırmanın nəticəsi kimi müxtəlif şəhərlərdə növbəti 15 il ərzində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edilib.
Eyni zamanda, görüş çərçivəsində "Visa İnc." Beynəlxalq Kart Təşkilatının Visa Token Xidmətinin təqdimatı keçirilib. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərilib.
Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə MBNP tərəfdən bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyi və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruriliyi bildirilib. Eyni zamanda, "Visa İnc." Beynəlxalq Kart Təşkilatının ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi rolu vurğulanaraq, bir sıra iri layihələrin reallaşdırılmasında təşkilatın mühüm rol oynaya biləcəyi qeyd edilib.
Görüşdə ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.