İQTİSADİYYAT
Bakıda neft-qaz emalı və neft-kimya kompleksi forumu işini yekunlaşdırmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə “Hilton Baku” otelində keçirilən neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) forumu aprelin 12-də işini yekunlaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da işə başlayan forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziyalara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı, neft və neft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, logistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə NQNK layihəsi barədə məlumat vermək olmuşdur. Tədbir layihə ilə tanış olmaqla bərabər, dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün nadir imkan yaratmışdır.
Forumun rəsmi açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara təbrik məktubu oxunmuşdur.
“Regional enerji layihələrində Azərbaycan faktoru”, “Emal sənayesinin inkişaf tendensiyaları”, “Qlobal layihələrin texnoloji aspektləri”, “Enerji layihələrinin maliyyə-iqtisadi aspektləri”, “NQNK və digər enerji layihələrinin təşkilatı-hüquqi və s. aspektləri”, “İrimiqyaslı layihələrin icrası və idarə edilməsi”, “Oxşar komplekslərin tikintisi və istismarı üzrə yerli və xarici təcrübə” mövzuları üzrə panel iclaslarda işini davam etdirən forumda tanınmış şirkət nümayəndələrinin və mütəxəssislərin çıxışları dinlənilmişdir.
Forum son iş günündə ikitərəfli görüşlərlə davam etmişdir.
NQNK yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forumun baş sponsoru ARDNŞ, təşkilatçıları qismində isə “Iteca Caspian” və “INBC Consulting” şirkətləri çıxış etmişdir. Foruma dünyanın 30-dan artıq ölkəsindən 150-yə yaxın müxtəlif şirkətdən 450-dək yerli və xarici mütəxəssis qatılmışdır. Dünyada böyük maraq doğuran bu forumda “Azenco”, “Air Liquide”, “Air Products”, “Axens”, “Baker & McKenzie”, “Baker Botts LLP”, “Daelim”, “Daewoo”, “Deloitte & Touche LLC”, “Dow Chemical”, “Fluor”, “Foster Wheeler”, “Honeywell”, “Hyundai E&C”, “ING Bank”, “JGC Corporation”, “KBR”, “Lanxess”, “Marubeni Corporation”, “Mitsui & Co”, “Petkim Petrokimya Holding”, “Protasis SA”, “Shaw Energy & Chemicals”, “SNC-Lavalin”, “Stamicarbon”, “Socar Turkey”, “UOP Limited”, “Velosi” və bir çox digər şirkətlər iştirak etmişdir.
Qeyd edək ki, NQNK layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 milyon ton və 10 milyard kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə, həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaqdır.
Bakı şəhərindən 60 kilometr aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ildə istismara verilməsi planlaşdırılır.