CƏMİYYƏT
Bakıda neonatal qayğı üzrə təlimlərə başlanılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) neonatal qayğı üzrə təkmilləşdirmə təliminə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim antenatal yardım xidməti göstərən tibb müəssisələrinin 20 aparıcı neonatoloqu üçün beynəlxalq mütəxəssislər tərəfindən keçirilir. Təlimdə neonatologiyada istifadə edilən yeni texnologiyalara, yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar və onların simulyasiyalar zamanı təcrübədə tətbiqi öyrədiləcək.
Təlimi ABŞ-dan xüsusi dəvət olunmuş mütəxəssislər Skott Qatri və Meri Li Lemley aparırlar.
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinə əsasən keçirilən təlim dekabrın 4-dək davam edəcək.