Bakıda qar yağacaq
Havanın temperaturu 10-12° aşağı enərək gecə 1-3° şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq
Bakı, 6 yanvar, AZƏRTAC
Bakıda qar, sulu qar yağacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında etdiyi xəbərdarlıqda bildirilir.
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.
Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.