MƏDƏNİYYƏT
Bakıda Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı keçiriləcəkdir
Bakı, 31 mart (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 14-dən 19-dək Bakıda Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, festivalın rəngarəng və maraqlı proqramı dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradacaqdır.
Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya və Rusiya müasir musiqini mükəmməl şəkildə ifa edən solist və kollektivlərlə təmsil olunacaqlar.
Xarici ölkələrdən musiqi kollektivləri, ifaçılar və musiqişünasların qatılacaqları festivalın açılış və bağlanış mərasimləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcəkdir. Bu mərasimlərdə Xalq Artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcəkdir.
Festival çərçivəsində Muzey Mərkəzində müasir musiqinin problemlərinə həsr olunmuş elmi konfrans, Beynəlxalq Muğam Mərkəzində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və filarmoniyanın kamera və orqan musiqisi zalında xarici və yerli musiqiçilərin və musiqi kollektivlərinin ifasında konsertlər keçiriləcəkdir.
Festivalın başqa bir orijinal layihəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müasir musiqinin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagelin musiqisi əsasında “Variete” tamaşasının nümayişi olacaqdır. Əsər ukraynalı dirijor Vladimir Runçakın idarəsi altında alman-ispan mənşəli “Avatara Dance Group” və Azərbaycandan “Con Tempo” ansamblı tərəfindən ifa ediləcəkdir.
Festivalın bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevdir.