MƏDƏNİYYƏT
Bakıda “Qız qalası. Qadın olmaq” adlı sərgi açılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ-nin üzvü olan ölkələrin səfirlikləri və yerli tərəfdaşlarla birlikdə sentyabrın 17-27-də Bakıda və ölkənin regionlarında “Qız qalası. Qadın olmaq” adlı Müasir İncəsənət Festivalı təşkil edib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 18-də Müasir İncəsənət Muzeyində müxtəlif ölkələrdən rəssamların iştirakı ilə sərgi açılıb.
Muzeyin direktoru Xəyyam Abdinov tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, bu il Müasir İncəsənət Muzeyinin 10 yaşı tamam olur. O, başçılıq etdiyi strukturun keçdiyi yoldan danışıb, muzeyin fəaliyyətini daim dəstəklədiyinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
X.Abdinov “Qız qalası. Qadın olmaq” festivalı barədə danışarkən qadının cəmiyyətdəki rolunun ictimaiyyətə çatdırılmasında və gender bərabərliyinin bərqərar olmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Layihənin kuratoru, Əməkdar rəssam Səbinə Şıxlinskaya bildirib ki, festivalda Avstriya, Niderland, Almaniya, Macarıstan və digər Avropa ölkələrindən mədəniyyət və incəsənət xadimləri, muzey direktorları və rəssamlar iştirak edirlər.
Sonra “Qız qalası. Qadın olmaq” sərgisinin açılışı olub. Ekspozisiya böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Aİ nümayəndəliyi tərəfindən maliyyələşdirilən bu festival "İMAGINE Avro Tolerantlıq" və "FANTAZİYA" Mədəni İrs Festivalından sonra Avropa dəyərlərinin və prinsiplərinin təbliği üzrə üçüncü iri tədbirdir.