MƏDƏNİYYƏT
Bakıda qurama üslubunda hazırlanmış əl işlərindən ibarət sərgi açılmışdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında qurama üslubunda hazırlanmış əl işlərindən ibarət sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, “Rənglər partlayışı” adlı sərgidə Xalidə Nəsirovanın (Azərbaycan) və Korinna Nisrat-Kvellenin (Almaniya) 30-dan çox əl işləri sərgilənmişdir.
Hər iki sənətkar tədbirdə çıxış edərək uzun illərdir bu sahə ilə məşğul olduqlarını və bu sənətdə müxtəlif üsulları tətbiq etdiklərini bildirmişlər.
Vurğulanmışdır ki, sərginin məqsədi böyük auditoriyanı bu sənət istiqaməti ilə tanış etmək, eyni zamanda, xeyirxah bir məqsədi dəstəkləməkdir.
Diqqətə çatdırılmışdır ki, “Səssiz hərrac” çərçivəsində hər sənətkarın bir əl işi xeyriyyə məqsədi üçün hərraca çıxarılacaqdır. Vəsaitlər Ədliyyə Nazirliyi tərəfindən 1999-cu ildə qeydə alınmış yerli səhiyyə təşkilatı “Caspian Compassion Project”ə köçürüləcəkdir.
Sərgi ilə tanış olan ziyarətçilər böyük zövqlə hazırlanmış, Azərbaycan və alman xalqına məxsus quramaların üzərindəki naxışları, təsvirləri heyranlıqla seyr etmiş və sənətkarlara yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Sərgi iyunun 17-dək davam edəcəkdir.