MƏDƏNİYYƏT
Bakıda “Red Bull Doodle Art” rəsm müsabiqəsi keçiriləcəkdir
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Rəssamlar İttifaqında tələbələr arasında “Red Bull Doodle Art 2014” rəsm müsabiqəsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda artıq üçüncü, dünyada isə ardıcıl olaraq səkkizinci ildir ki, keçirilən və tələbələr üçün nəzərdə tutulan bu innovativ müsabiqədə iştirak etmək üçün www.redbulldoodleart.com saytında qeydiyyatdan keçib, onlayn qalereyada sərgilənəcək bütün rəsmləri yükləmək lazımdır.
Müsabiqənin qalibi oktyabrın 24-26-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “World Design Capital 2014” layihəsinin çərçivəsində keçiriləcək beynəlxalq sərgiyə qatılmaq və öz işlərini təqdim etmək şansını əldə edəcəkdir.
Dünyanın 40 ölkəsindən “Doodle” üslubunda çəkilən rəsmlərin müəllifləri arasından “Facebook” vasitəsilə aparılan səsvermə nəticəsində 20 finalçı seçiləcəkdir. “Facebook” səsverməsinin xalları ilə yanaşı, səlahiyyətli münsiflər heyəti tərəfindən üç meyara görə (stil, yaradıcılıq və hakimlərin rəyi) verilən xallar birləşdirilərək qalib müəyyən olunacaqdır.
Sərgilər tələbələrə və ictimaiyyətə iştirak etmək, həmçinin bu yaradıcı sənəti qiymətləndirmək imkanı verərək bütün dünya üzrə təhsil müəssisələrində keçiriləcəkdir.