SİYASƏT
Bakıda Rusiyanın “Şimal-Cənub” politologiya mərkəzinin nümayəndəliyi açılacaqdır
Bakı, 21 noyabr (AZƏRTAC). Yaxın vaxtlarda Azərbaycanda Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin nümayəndəliyi açılacaqdır. Bakı MDB ölkələri arasında bu təşkilatın nümayəndəliyinin açılacağı ilk paytaxt olacaqdır.
Bu sözləri M.V.Lomonosov adına MDU yanında Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə mərkəzin baş direktoru Aleksey Vlasov noyabrın 21-də “RİA-Novosti” agentliyində keçirilmiş mətbuat konfransında demişdir.
A.Vlasovun sözlərinə görə, təşkilat öz qarşısına bir neçə vəzifə qoyur. Baş direktor demişdir: “Bu, Rusiya ilə Azərbaycan arasında ekspert birliyi, media qurumları xətti ilə qeyri-formal kommunikasiyasının həyata keçirilməsidir. İkinci, iki ölkə arasında əlaqələrin humanitar-təhsil istiqaməti, ümumi sosial-mədəni informasiya məkanının yaradılmasıdır. Üçüncü, iki ölkənin gəncləri arasında kommunikasiya yaradılmasıdır. Dördüncü, dialoq meydanlarının yaradılmasıdır. Bu, kommunikasiyanın, dialoqun dinamikasının inkişafı üçün lazımdır. Biz azərbaycanlı həmkarlarımızla bu kompleks məsələləri yaxın gələcəkdə həll etmək fikrindəyik”.
“Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktorunun müavini Yuliya Yakuşeva qeyd etmişdir ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin çox böyük potensialı vardır. O demişdir: “Ümidvarıq ki, Bakıda bu mərkəzin nümayəndəliyinin yaradılması iki ölkənin ictimai təşkilatları, gəncləri arasında fəal dialoqa təkan verəcəkdir”.
Rusiya tarixçisi Gennadi Bordyuqov Rusiya və Azərbaycan tərəfindən birgə dərsliklərin yaradılmasına münasibət bildirərək qeyd etmişdir ki, hər şeydən əvvəl bunun üçün mübahisəli məqamları akademik səviyyədə müzakirə etmək lazımdır. O demişdir: “Vahid tarix üzrə əsərlər yaradılmasının yaxşı nümunələri vardır. Məsələn, neft sənayesi tarixi”.