RƏSMİ XRONİKA
BAKIDA SƏRBƏST GÜLƏŞ VƏ YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ “QIZIL QRAN-PRİ” BEYNƏLXALQ TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
İyunun 23-də Heydər Əliyev adına İdman-konsert kompleksində sərbəst güləş və yunan-Roma güləşi üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olmuşdur.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Yarışda 28 ölkədən 200-dək idmançı (kişilər və qadınlar) iştirak edir. Onlar 7 çəki dərəcəsində yarışacaqlar. Azərbaycan 11 güləşçi ilə təmsil olunmuşdur.
Turnirin əvvəlki mərhələlərinin keçirildiyi ölkələrin bayraqları salona gətirildi.
Tamaşaçılar açılışdan əvvəl göstərilən və zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Həmişə bizimlədir” musiqili klipini sürəkli alqışlarla qarşıladılar.
Azərbaycanın Dövlət himni səsləndi.
Sonra iştirakçı ölkələrin təmsilçilərinin paradı keçirildi.
Gənclər və idman naziri Azad Rəhimov mərasimdə çıxış edərək, Azərbaycanın mötəbər beynəlxalq yarışlar keçirilməsində zəngin təcrübəsi olduğunu, ölkədə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmlənməsi sahəsində mühüm işlər görüldüyünü bildirdi. Nazir dedi ki, Azərbaycan idmanı öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır, idmançılarımızın bütün uğurları, idmana və bədən tərbiyəsinə daim qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu öndərin bu sahədəki uzaqgörən siyasətini hazırda dövlətimizin başçısı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan idmanın dünyada nüfuzunun yüksəlməsi, respublikamızın idman ölkəsinə çevrilməsi bunun nəticəsidir.
A.Rəhimov indiki yarışların Azərbaycan paytaxtında keçirilməsi təşəbbüsünə görə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) rəhbərliyinə təşəkkür etdi, idmançılara uğurlar arzuladı.
FİLA-nın prezidenti Rafael Martinetti mərasim iştirakçılarını salamlayaraq, dünyanın bir sıra tanınmış güləşçilərinin Bakı turnirində iştirakını mühüm hadisə adlandırdı. O dedi ki, Azərbaycan indiki turnirin keçirilməsi üçün təsadüfən seçilməmişdir. Bu, Azərbaycanda beynəlxalq miqyaslı idman tədbirlərinin təşkili sahəsində gözəl ənənələrlə bağlıdır. FİLA rəhbəri idmanın inkişafına qayğı və diqqət yetirdiyinə, turnirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi.
Yarışın Təşkilat komitəsinin sədri, Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov çıxışında dedi ki, son illər ölkəmizdə beynəlxalq güləş yarışları dəfələrlə uğurla keçirilmişdir. Ümummilli lider Heydər Əliyev idmanın inkişafına böyük əhəmiyyət verirdi, onun təşəbbüsü ilə bütün ölkədə çoxsaylı idman qurğuları ucaldılmışdır. Bu ənənə, idmançılarımıza yüksək qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Milli güləşlə məşğul olan idmançıların və incəsənət ustalarının çıxışları oldu.
FİLA-nın prezidenti Rafael Martinetti bu beynəlxalq idman təşkilatı tərəfindən təsis olunmuş ilk qızıl ordeni Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təqdim etdi. Azərbaycan Güləş Federasiyasının başçısı Abbas Abbasov isə Prezident İlham Əliyevə federasiyanın kubokunu təqdim etdi.
Sonra yunan-Roma güləşi üzrə yarış başlandı. 55 kiloqramadək çəki dərəcəsində güləşən Azərbaycan pəhləvanı Rövşən Bayramov finalda Gürcüstan idmançısı ilə qarşılaşdı və ölkəmizə ilk qızıl medalı qazandırdı.
Prezident İlham Əliyev “Qızıl Qran-pri” turnirinin ilk qalibinə qızıl medalı təqdim etdi.
Dövlətimizin başçısı idmançılarla və FİLA rəhbərliyi ilə xatirə şəkli çəkdirdi.