İQTİSADİYYAT
Bakıda Türk Dünyası Mühəndislər və Memarlar İttifaqının qurultayı keçiriləcək
Bakı, 19 fevral, Ramiz Quliyev, AZƏRTAC
Fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Türk Dünyası Mühəndislər və Memarlar İttifaqının üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planı ilə tanış olan qonaqlara son illər paytaxtda aparılan tikinti-quruculuq işləri və tarixi-memarlıq abidələri barədə məlumat verilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyətindən danışıb. Komitə sədri həmçinin Türk Dünyası Mühəndislər və Memarlar İttifaqının strukturu, ittifaqa daxil olan ölkələrin memarlıq və şəhərsalma sahəsindəki gördükləri işlərlə maraqlanıb.
Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin müavini Mehmet Ceylan sözügedən ittifaqın artıq 15 ildir fəaliyyət göstərdiyini və 36 ölkədə təmsilçisi olduğunu söyləyib. M.Ceylan həmçinin ittifaqa daxil olan qurumların Azərbaycanda birgə layihələr həyata keçirmək istədiklərini bildirib və bunun qarşılıqlı səmərə verəcəyinə əminliyini ifadə edib.
Qeyd olunub ki, Türk Dünyası Mühəndislər və Memarlar İttifaqı tərəfindən ənənəvi olaraq iki ildən bir qurultay keçirilir. Növbəti qurultay 2016-cı ilin oktyabrında Bakıda təşkil olunacaq. Beş gün ərzində keçiriləcək tədbirdə enerji, nəqliyyat, memarlıq və şəhərsalma sahələri üzrə müzakirələr aparılacaq.
Bundan əlavə, cari ilin mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olduğu gün Naxçıvan şəhərində Türk Dünyası Mühəndislər və Memarlar İttifaqının konfransının keçirilməsi nəzərdə tutulur.
M.Ceylan Bakı şəhərinin ildən-ilə gözəlləşdiyini, yeni, müasir binaların tikildiyini də diqqətə çatdırıb. “Türk dünyasının digər ölkələrində, xüsusilə də qardaş Türkiyədə sürətli tikinti işləri gedir, yeni inşaat texnologiyalarından istifadə olunur. Bu sahədə təcrübə mübadiləsi aparmaq ümumi işin xeyrinə olardı”,- deyə nazir müavini vurğulayıb.