MƏDƏNİYYƏT
Bakıda türkiyəli opera müğənnisinin albomunun təqdimatı olmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda yaşayan tanınmış türkiyəli opera müğənnisi Oya Ergünün ölkəmizdə buraxdığı “Ruhum” adlı albomunun təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşkilatçılığı ilə keçirilmiş mərasimdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Azərbaycan və türk bəstəkarlarının musiqilərinin daxil olduqları albomun ərsəyə gəlməsinin qürurverici hadisə olduğunu söyləmişdir.
Səfir Azərbaycan və Türkiyənin tarixən qardaş ölkə olduqlarını qeyd edərək bildirmişdir ki, belə örnəklərin olması buna bariz nümunədir.
Vokalçı Oya Ergün isə albom barədə məlumat verərək bildirmişdir ki, hər iki ölkə bəstəkarlarının əsərlərinin daxil olduğu albom ümumilikdə 10 musiqidən ibarətdir. Müğənni ilk dəfə öz bəstələrinin də yer aldığı alboma daxil olan mahnıları azərbaycanlı musiqiçilərin səsləndirdiklərini vurğulamışdır.
Sonra müğənninin ifa etdiyi Səid Rüstəmovun “Hardasan” və Qənirə Paşayevanın sözlərinə yazılmış “Bir sən, bir İstanbul” musiqilərinə çəkilmiş kliplər nümayiş olunmuşdur.
Daha sonra türkiyəli sənətçi tədbir iştirakçıları üçün konsert vermişdir. Proqramda Tofiq Quliyevin “Sənə də qalmaz”, Qənirə Paşayevanın sözlərinə yazılmış “Niyə yalnızsan?”, həmçinin türk, italyan, ispan musiqiləri və s. mahnılar yer almışdır.