MƏDƏNİYYƏT
Bakıda Türkiyənin Ondoqquz Mayıs Universitetinin türk sənət musiqi qrupu konsert verəcəkdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 26-da Bakıda ”Musiqi festivalı” keçiriləcəkdir.
Festival Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaqdır.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəkdir.
İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndiriləcəkdir.
Xatırladaq ki, Ondoqquz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət təhsil müəssisəsidir. Universitetin mərkəzi Türkiyənin Samsun şəhərində yerləşir.