İQTİSADİYYAT
Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans başa çatmışdır
Bakı, 26 aprel (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, bölmə iclaslarında “Azərbaycanın inşaat kompleksinin inkişafında Heydər Əliyevin rolu”, “müasir inşaat kompleksində riskin təhlili və idarə olunmasının metodologiyası, “obyektlərin tikintisində və istismarında təhlükəsizlik məsələlərinin həlli istiqamətləri və yolları”, “ekoloji təhlükəsizlik sisteminin yaradılmasının əsas prinsipləri” və digər mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar və Təhsil Nazirlikləri, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Mühəndislik Akademiyası və “Fövqəl” Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransın işində Türkiyə, Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan, Özbəkistan və Tacikistandan 30-dan artıq alim və mütəxəssis iştirak etmişdir.
Konfrans işini aprelin 26-da yekunlaşdırmışdır.