MƏDƏNİYYƏT
Bakıda V.A.Motsartın məşhur “Cosi fan tutte” (Hamı belə edir) operasının premyerası olmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın məşhur “Cosi fan tutte” (“Hamı belə edir”) operasının premyerası olmuşdur.
Tamaşanın quruluşçu rejissoru, Ukraynanın İncəsənət Xadimi Nikolay Tretyak AZƏRTAC-a bildirmişdir ki, vaxt məhdudluğuna görə tamaşanın quruluşunda müəyyən çətinliklərə baxmayaraq, aktyorların və tamaşanın ərsəyə gəlməsində digər əməyi olanların yüksək peşəkarlığı sayəsində, Bakı səhnəsində Motsart ruhunu tutmağa nail olunmuşdur. O, tamaşanın Bakı auditoriyası üçün gözəl hədiyyə olacağına ümidini ifadə etmişdir. Paytaxtımızda heç də ilk dəfə çalışmadığını söyləyən N.Tretyak burada səmimiyyətlə və həvəslə işlədiyini diqqətə çatdırmış, Bakının gözəl şəhər olduğunu, onu Kiyevdən sonra özünün ikinci vətəni hesab etdiyini söyləmişdir.
V.A.Motsartın məşhur “Cosi fan tutte” əsəri klassik opera sənətinin incilərindən olub, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir.
Hadisələr 1790-cı ildə Neapol şəhərində baş verir. Tamaşanın süjet xətti filosof Alfonsonun gənc zabitlər Ferrando və Qulyelmo ilə mübahisəsi üzərində qurulmuşdur. Filosof, zabitlərin sevgililəri Fyordilidji və Dorabellanın sədaqətinə şübhə ilə yanaşır. Onun təklifi ilə gənc zabitlər sevgililəri ilə “vidalaşaraq” guya kralın əmri ilə düşərgəyə gedirlər. Əslində isə alban əsilzadələri görkəmində qayıdırlar və qızlara sevgilərini elan edirlər. İlk vaxtda qızlar əsəbiləşirlər. Filosof Alfonso düşündüyü planın həyata keçirilməsində qızların qulluqçusu Despinadan da istifadə edir. Despina qızları gənc ikən həyatdan və sevgidən zövq almağa çağırır. Qızlardan Dorabella sevgilisini asanlıqla unudur, Fyordilidjini yola gətirmək isə çətindir. Başqa çıxış yolu görməyən qızlar hərbi düşərgəyə öz adaxlılarının yanına yollanmaq qərarına gəlirlər. Lakin son dəqiqədə Fyordilidji də təslim olur və bacısı ilə birlikdə albanlara ərə getməyə razılıq verir. Məğlub olmuş zabitlər özlərini itirirlər, lakin Alfonso onlara toy etməyə razılaşmağı məsləhət görür.
Nikah müqaviləsi imzalanarkən gözlənilmədən Ferrando və Qulyelmonun qayıtması haqqında xəbər gəlir. Mütəəssir olmuş qızlar hər şeydə Alfonsonu günahlandırırlar. Lakin Alfonso qızları sakitləşdirir və adaxlılarının onları bağışlayacaqlarını bildirir. Hamı xoşbəxtdir.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti Cavanşir Cəfərov, quruluşçu rəssam - Əməkdar Mədəniyyət İşçisi Yusif Babayev, xormeyster - Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu - Xalq Artisti Mədinə Əliyeva, konsertmeyster - Əməkdar Artist Məlahət İsmayılovadır.
Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova (Fyordilidji), Səbinə Əsədova (Dorabella), Fərid Əliyev (Ferrando), Anton Ferştandt (Qulyelmo), həmçinin Əməkdar artistlər İnarə Babayeva (Despina) və Əkrəm Poladov (Don Alfonso) iştirak edirlər.
Azərbaycanda ilk dəfə səhnəyə qoyulan “Hamı belə edir” operasının tamaşası heç şübhəsiz ki, şəhərimizin mədəni həyatında çox əlamətdar hadisədir.
Tamaşa alqışlarla qarşılanmışdır.