CƏMİYYƏT
Bakıda və Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkumlar tutulub
Bakı, 4 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əliyev yaxalanıb. Şəxsi axtarış zamanı ondan heroin və 1 ədəd “beşbarmaq” aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.